Rusiya SOCAR-ın Odessa vilayətindəki neft bazasına zərbə endirib, yaralılar var”,
“Rusiya Ukraynada SOCAR-ın neft bazasını vurub”,
“Kremlin əsas ruporlarından olan Konstantin Zatulin Moskvanın Bakıya qarşı düşmən siyasətinin əsl səbəblərini etiraf etdi”,
“Rusiyanın kompensasiya yalanı ifşa olundu - sərt reaksiyalar”.
Və s. bunun kimi onlarla başlıqlar media qurumlarının əsas xəbərlərində yer alır.
Son 5 ildə dəfələrlə vurğulamışam ki, Putin Rusiyasının inanılmaz bir sürətlə və ciddi hazırlanmış proqram əsasında çöküşünü izləməkdəyik. Təzyiqlər hər gün artan xətlə davam edir. Həm iqtisadi, həm də hərbi planda nəfəsliyi daralır. Lakin bu avtoritar, şovinist mahiyyətli rejimin nəfəsi Qafqazda kəsiləcək.
Bunu özləri də yaxşı anlayırlar və elə buna görədir ki, bu aqressiv, şiddət, təhdid dolu münasibətlərinə görə mediada bu başlıqlar yer alır.
Mənim hər zaman siyasi fəaliyyətimin təməlində duran əsas ideoloji məsələ Azərbaycanı ikiyə bölən, 1918-də qurduğumuz dövləti işğal edən və düşünən beyinlərinin başını kəsən Rusiya haqqında yeni yetişən vətəndaşımızı doğru istiqamətdə yetişdirmək olub.
Düşüncələrim açıq və dəqiqdir: “Qafqazda qanlı münaqişəyə, terrora, soyqırımına, separatçılığa ‘yox’ – deyib, sülh, sabitlik, əmin-amanlıq istəyiriksə, bu qanlı münaqişənin ideya müəllifi də, yaradıcısı da, idarəedicisi də olan Rusiyanın qarşısına Ermənistanla birlikdə BARIŞLA çıxmalıyıq!
Rusiyasız Qafqazın gələcəyini qurmalıyıq!
Rusiyasız, qansız-qadasız, mehriban yaşayan Qafqaz Evi yaratmalıyıq!
Lakin hər zaman siyasi meydanın “Fatıları” (“Qatarda” tamaşasına baxanlar Fatını yaxşı bilir) “Rusiya qonşumuzdur, dostumuzdur, yaxşı davranmaq məcburiyyətindəyik, yoxsa başımıza od tökər” kimi sözləri ilə üzərimizə hücum çəkirdilər.
Anlamadılar ki, bu fikirlər - başımıza hər vurulan təpiyə şükür edək ki, daha bərk dəyməsin - kimi qul və işğal psixologiyasının təzahürüdür.
Siyasətçinin dövlətin sabahına strateji baxışı olmalıdır. Bu gün Azərbaycan hakimiyyətinin Rusiya ilə gərgin olan münasibətləri göstərdi ki, bizim hər zaman əsas məsələmiz Rusiyanın bölgədə apardığı siyasətə qarşı necə durmalı olduğumuza dair yollar üzərində müzakirələr açmaq və xalqı bu təhdidə qarşı ideoloji hazırlamaqdır.
Müxalif siyasi institutlar dövlətin strateji sütunudur.
Siyasi partiyaları da nazirliklər kimi idarə edərək bu sütunu laxlatmaq olmaz.
Siyasi partiyalar xarici təhdidin qarşısında ideoloji və siyasi savaşı ilə dövlətin əlini gücləndirməlidir.
Bu gün bir siyasi partiya çıxıb demir ki, gəlin, Rusiyadan gələn təhlükə ilə bağlı siyasi müzakirələr açaq, bəyanatlar verək.
Ümumiyyətlə, xalqın geniş təbəqələri ilə oturub danışaq, müzakirə açaq ki, axı nədir, Rusiyanın bizdən istədiyi?!
Bir neçəsini mən yazım burdan xalqımız üçün…
Nədir Rusiyanın bizdən istədiyi:
Sülh müqaviləsi olmasın, Qafqaz daim qan, münaqişə içərisində olsun. Buradakı xalqlar bir-birinə qarşı soyqırımları törətsin, normal insani və qonşuluq münasibətləri sıfırlansın, qazancları ancaq silaha getsin, elmə-təhsilə para ayıra bilməsinlər, inkişafdan geri qalsınlar, güc ola bilməsinlər.
İnkişaf edə bilmədikcə də, demokratik cəmiyyətdən məhrum olsunlar. Çünki demokratiya cəmiyyətlərin inkişafında nəfəs borusudur. Demokratik inkişafdan geri qalan xalqlar isə xarici təhdid qarşısında duruş gətirə bilməzlər.
Nəhayət, qlobal səbəb – bu coğrafiyanın ən qüdrətli ölkəsi olan Türkiyə bölgəyə girə bilməsin, bu xalqların rəğbətini qazanmaqdan məhrum edilsin.
Bəs biz bu istəklərin olmaması üçün necə bir siyasi hazırlıq içindəyik?
Bu cavabı bu dəfə oxucularımıza buraxıram.
P.S. Bir zamanlar Azərbaycan mediası həm də bu başlıqlara yer verirdi...
Yorumlar
Kalan Karakter: