Srebrenitsa qurbanlarının xatirəsi Bakıda və ya Qarabağda əbədiləşdirilsin!
1991–1995-ci illərdə keçmiş Yuqoslaviyada baş verən vətəndaş müharibəsi zamanı serb ordusunun 1995-ci ilin iyulunda ən azı 8300 bosniyalı müsəlmanın (bölgədəki müsəlman əhali ümumən türk adlanırdı — türklərlə qohumluq və türk kültürünə yaxınlıqdan dolayı) Srebrenitsa şəhərində qətlə yetirməsi ilə həyata keçirdiyi Srebrenitsa soyqırımından 30 il ötür.
İnsanlığa sığmayan, haqq qazandırılması əsla mümkün olmayan Srebrenitsa soyqırımı II Dünya müharibəsindən sonra Avropada törədilən ən irimiqyaslı qətliamdır. Bu soyqırımı həm də II Dünya müharibəsindən sonra Avropada hüquqi cəhətdən ilk dəfə sənədləşdirilmiş soyqırımı aktıdır.
Bu qətliamdan cəmi iki il yarım öncə Azərbaycanda törədilmiş Xocalı soyqırımının əlamətlərini özündə cəmləşdirən Srebrenitsa Avropanın Xocalısına çevrildi. O vaxtdan bəri Xocalı və Srebrenitsa insanlığın ləkəsi kimi hər iki ölkədə anılır.
BMT-nin 23 may 2024 tarixli qərarı ilə 11 iyul “Srebrenitsa Soyqırımını Beynəlxalq Düşünmə və Anma Günü” olaraq qeyd edilir.
Türkiyədə bu anım günləri dövlət səviyyəsində qeyd edilir. Artıq Türkiyənin bu məsələdəki dövlət tədbirlərindən də örnək alıb digər Türk Cümhuriyyətlərində də bu kimi anım tədbirlərini və digər xalqı bilgiləndirmə yönündə atılan addımları görməliyik.
Xalqımız üçün bir məqamı xüsusi vurğulayım ki, BMT Təhlükəsizlik Şurasında Srebrenitsa soyqırımının 20 illiyi zamanı Böyük Britaniya tərəfindən təqdim edilmiş qətnamə layihəsinə Təhlükəsizlik Şurasının daimi üzvlərindən ancaq Rusiya sənədə veto qoyub.
Bu fakta diqqət edin: Rusiya parlamenti 1915-ci il hadisələrini “erməni soyqırımı” kimi qəbul edib. Ancaq nə Xocalıda, nə də Srebrenitsada insanların kütləvi qırğınını faciə kimi qəbul etmir, türklərin və müsəlmanların kütləvi qırğını ilə bağlı sənədə isə BMT-də veto qoyur.
Hər şey o qədər açıq və aydın görünür ki…
Srebrenitsa soyqırımında Rusiyanın birbaşa deyil, dolayı məsuliyyət daşıdığını beynəlxalq ictimaiyyət və araşdırmaçılar çox yaxşı bilir və dəyərləndirir.
Rusiyanın siyasi və diplomatik dəstəyi, Yuqoslaviya böhranında əsasən Serbiyanın tərəfdarı kimi çıxış etməsi, bosniyalı serblərə açıq və ya örtülü dəstək verməsi birmənalı, təkzib olunmaz faktdır.
Hərbi baxımdan birbaşa iştirak sübut olunmasa da, diplomatik himayə və informasiya dəstəyi bu soyqırımın qarşısının alınmamasında dolayı rol oynamış sayılır. Rusiyanın geosiyasi mövqeyi və veto gücü ilə bosniyalı serblərin cəzasızlığına şərait yaratdığı da geniş şəkildə qəbul olunur və bu da onu dolayı yolla məsuliyyət daşıyan aktorlar sırasına daxil edir.
Rusiyanın hər zaman hər yerdə insanlığa qarşı oıan terror mahiyyəti bütün cəmiyyətlərə açıq şəkildə göstərilməlidir.
Bu gün Rusiyanın təhdidlərinə qarşı həm də ideoloji-siyasi addımların atılması zəruri bir addımdır. Türk Dövlətləri Təşkilatlarının yüz illərdir özlərinin də əziyyət çəkdikləri soyqırımı məsələlərinə həssaslıqla münasibət bildirmələri artıq vacibdir və labüddür.
Srebrenitsa soyqırımı qurbanlarının xatirəsini dərin hüznlə yad edirəm!
Yorumlar
Kalan Karakter: