100 illər keçsə də, Azərbaycan tarixində 1993-cü il iyunun 4-də baş verən hadisələr müzakirə predmeti olaraq qalacaq, suallara cavablar axtarılacaq, suçlamalar, ittihamlar dayanmayacaq.
Çünki 4 iyun sadəcə bir dövlət çevrilişi deyildi. Bu, eyni zamanda yeni qurulmaqda olan dövlətdə formalaşmağa başlayan milli, demokratik və bəşəri dəyərlərin daha fidan ikən məhv edilməsi idi.
Prosesin iştirakçılarının əksəriyyəti hələ də sağdır: danışsınlar, yazsınlar, debatlara çıxsınlar, həqiqətin — gerçək tarixin ortaya çıxması üçün nə lazımdırsa etsinlər. Şəxsi mənafe güdmədən. "Mənə səlahiyyət verilsəydi qiyamı yatızdırardım" kimi qeyri-ciddi və düşük açıqlamalar olmadan millətin gözünün içinə baxaraq cəsarətli şəkildə yaxın tarixi anlatsınlar.
Dünən Şahbaz Xuduoğlunun bir paylaşımı qarşıma çıxdı. Zərdüşt Əlizadənin “İkinci Respublikanın Sonu” adlı kitabını nəşr ediblər. Əlizadə yenə Milli Azadlıq Hərəkatına və onun iştirakçılarına nifrət püskürə-püskürə danışırdı. Sözüm bunda deyil, bu artıq alışdığımız bir haldır. Adamın travmaları ölənə qədər düzəlməyəcək. Amma maraqlı bir fikir səsləndirdi: “Bu mənim yanaşmamdır, bacarırsınız siz də yazın, hətta xatirələrinizi yazın. İnsanlar oxuyub həqiqətin necə olduğunu müzakirə etsinlər.”
Bəli, həqiqətlər fikir dartışmalarından doğur. Bu baxımdan Elçibəy hakimiyyətində təmsil olunanların bu haqda yazmaları, kitablar nəşr etmələri onların xalq qarşısında borcu və tarixi məsuliyyətidir.
Məni isə hər zaman 4 iyuna gedən yolun haradan başladığı düşündürüb…
• 1828-ci il Türkmənçay və 1813-cü il Gülüstan müqavilələri ilə bu milləti ikiyə bölən Çar Rusiyası və İran şahlığı;
• 1918-ci ildə şimalında istiqlaliyyətə nail olmuş, “İnsanlara hürriyyət, millətlərə istiqlal” deyən, Şərqin və Türk dünyasının ilk Cümhuriyyəti olan Azərbaycanı işğal edən Rusiya bolşevikləri;
• 1937-ci ildə müstəqillik və istiqlal uğrunda yenidən baş qaldırmaması üçün bu xalqın beyinlərini, aydınlarını, fikir adamlarını məhv edən, sürgün edən, güllələyən Sovet Rusiyası;
• 1988-ci ildən başlayan yeni müstəqillik mübarizəsində torpaqlarını itirməmək üçün ayağa qalxan xalqa 20 Yanvar faciəsini yaşadan Sovet Rusiyası;
• Əsrin faciəsi — Xocalı soyqırımını törədən Rusiyanın 366-cı motoatıcı alayı;
• Laçın, Şuşa və Kəlbəcərin işğalında Rusiya əsgərlərinin birbaşa iştirakı;
… və nəhayət, 4 iyun 1993-cü il dövlət çevrilişində Rusiya, ABŞ, BP neft şirkəti, İran və Süleyman Dəmirəl.
Bu sonuncu məqam xüsusilə diqqətçəkəndir. Bu gün Qərbi söyənlər də, Rusiyanı tərifləyənlər də başa düşməlidirlər ki, müstəqillik dövründə Azərbaycanın zəngin neft yataqlarına sahib olması səbəbindən regionda imperialist siyasət aparan tək dövlət Rusiya deyildi. Azərbaycanın iqtisadi və coğrafi baxımdan əhəmiyyətini anlayan bütün güclər xalqın mənafeyini qoruyan müstəqil bir hökumət istəmirdi.
Buna görə də hər zaman deyirəm: Qərb üçün demokratiya — elə Qərbin öz sərhədləri içərisindədir. Digər tərəfdən, Azərbaycanın iqtisadi güclənməsi və dövlət kimi yüksəlişi Qafqazın Rusiyanın nəzarətindən çıxması demək idi və Rusiya buna heç vaxt imkan verməməli idi.
Bu səbəbdən də Rusiya və Qərb Elçibəy məsələsində anlaşa bildilər. Bəli, məhz Elçibəy! “Komanda” filan deyə aldanmaq lazım deyil. Komandanın barmaqla sayılacaq qədər bir-iki üzvünü çıxsaq, qalanlarının o zaman göstərdiyi fəaliyyət göz önündədir. Elçibəyin öz təbirincə desək Ramil Usubov kimi Daxili İşlər naziri olsaydı bəlkə də vəziyyət tamamilə başqa cür olardı...
Qısacası, bu tarixi ardıcıllıq və bu gün yaşananlar göstərir ki, keçmişdə olduğu kimi, gələcəkdə də Rusiya yeni maşalarla müstəqil siyasətimizə həmlələr etməyə davam edəcək. Bu, şübhəsizdir. Son təyyarə hadisəsi də bunun bir sübutudur.
Hər zaman olduğu kimi, Rusiya yenidən öz sevdalılarını tapacaq, ortalığı qarışdıracaq — tıpkı son İmişli hadisəsində bir mangurt “ağsaqqalın” etdiyi kimi.
Müstəqil Azərbaycanın dost ola biləcək qonşulara ehtiyacı var. Əgər qonşumuz bizə dost olmaq istəmirsə və istəməyəcəksə, o zaman biz bu mövzularda yazmalı, danışmalı, yeni yetişən nəsli doğru siyasi və ideoloji düşüncə ilə formalaşdırmalıyıq. Onlar anlamalıdırlar ki, Rusiya bu millət üçün hər zaman bir bəla olub.
Azad və müstəqil Azərbaycanı qorumağın və inkişaf etdirməyin yolu — oxumaq, tarixi öyrənmək, dinləmək və sorğulamaqdan keçir, əziz gənclər!
O ki, qaldı Elçibəy şəxsiyyətinə, O bir tarixçi alim kimi başa düşürdü ki, inqilablardan sonra hakimiyyətə gələnlər sərt qanunlar tətbiq edirlər. Düşmənlərini əzir, rəqiblərini yox edirlər. Əks halda, həmin rəqiblər baş qaldırıb üsyan edəcəklər - biz bunu 4 iyun qiyamında gördük. Bu, labüd idi və bizim 4 iyunda yaşayaraq gördüyümüzü Elçibəy 1 il əvvəlcədən görmüş və parlamentdə söyləmişdi.
Elçibəy, onu devirmək istəyənləri əzə bilərdi, lakin yaxşı bilirdi ki, bu gün sərtləşən prezident Elçibəy təkcə düşmənlərini əzməyəcək, eyni zamanda, nə vaxtsa cücərəcək demokratik dəyərləri də məhv etmiş olacaq.
O şəxsən siyasi meydanda məğlub ola bilərdi və oldu da, amma demokratik dəyərlərin məğlub olmasına və demokratiya adı altında hakimiyyətə gəlmiş qüvvələrin həmin demokratiyanı boğmasına izn verməzdi və vermədi də. Məhz bu gün formalaşan nəsillər üçün etmədi bunu.
Komandasının nəyə qadir olduğunu bildiyi üçün, səssizcə getdi. Ömrü yetsəydi, yeni yetişən nəsillərlə demokratiya uğrunda savaşacaqdı, olmadı...
Baş tutmaması, sadəcə, onun fiziki olaraq aramızdan getməsinə görə deyildi, həm də güvəndiyi nəslin siyasətdə önəmli rol ala bilməməsi, "komandasının" maşa kimi istifadə olunması idi. Siyasi meydanın "piştaxtalarında" satılan "məhsullar" nə Ayaz Mütəllibovun adamları oldu, nə Heydər Əliyevin! Hamısı xalq hərəkatının dalğasında Elçibəyin ətrafına doluşmuşlar idi...
Əslinə qalsa, adları onundur, mahiyyətləri yox. Bütün süni yetişdirilən, hər formada siyasi oyunlarda istifadə olunan "müxalifətin" təmsilçiləri məhz Elçibəy "komandasından" oldu. Son 30 ildə ölkənin ictimai-siyasi həyatında hansı biabırçı və rəzalətli rollar oynadıqlarını xalq yaxşı gördü.
Rusiya və İrana da elə bu lazım idi. Yeni yetişən nəslin gözündə milli qüvvələri aşağı kriteriyalarda göstərmək. Bacardılar da! Özü də, əziyyət çəkmədən. Çünki yaxşı bilirdilər ki, adının kölgəsində sürünənlər, hətta Elçibəyin ədalət və vicdan anlayışına toylarda saldığı məbləğə görə qiymət verən adamlardılar. Bunları almaq və könüllərdə taxt qurmuş bir siyasi liderin adını ölümündən sonra da ətrafındakı adamların adı ilə ləkələmək ən rahat yol idi.
Siyasi meydanda maddi planda uduzmaq bəzi məqamlarda qaçılmaz olur - gedilən yolun qaçılmaz məqamıdır bəzən uduzmaq. Lakin hünər lazımdır ki, bu məğlubiyyətin məsuliyyətini və cavabdehliyini daşıyasan. Məğlubiyyətlə bağlı bütün ittihamlara cavab verəcək şəxs də tək özü oldu.
Çünki Elçibəy yaxşı bilirdi ki, sonda qalib gələn şəxslər deyil, fikirlər olur. Bir gün onun gətirdiyi fikir meydanın tək qalibi olacaq!
Necə ki, oldu!
İndi hər kəs Turançı, hər kəs Bütöv Azərbaycançı olub. Amma vaxt var idi bu siyasi-ideoloji çağırışlarına görə "praqmatik siyasətçilər" ona gülürdü...
Bu üzdən məsələlərə böyük anlamda baxanda bu gün qətiyyətlə demək olar ki, 4 İyunda Elçibəy Azərbaycan xalqını uduzdurmadı.
Ola bilsin "praqmatik siyasətçilər"
indi bu sətirləri də oxuyub bizə gülsünlər...
Elçibəyin dediyi kimi, hər şeyin zamana ehtiyacı var!
P.S. 4 iyun tarixində Gəncədə dövlət çevrilişinin qarşısını alarkən qiyamçılar tərəfindən şəhid edilən Prezident Qvardiyasının komandanı Tahir Məmmədovu və onun əsgərlərinin əziz xatirəsini ehtiramla yad edirəm.
Yorumlar
Kalan Karakter: