Bir aydın və siyasətçi olaraq sizə yeni tədris ilində müraciət etməyi özümün, həm də mənəvi borcum kimi görürəm.
Ümid edirəm ki, çağırışımı səmimi və önəmli, vacib məsələ kimi qəbul edəcəksiniz.
Əziz valideynlər, gəlin məktəblərimizə xarici dil hazırlığı kursu kimi yanaşmayaq!
“Hər kəsin dilini öyrənəcəyəm”, “Hər kəslə öz dilində danışacağam” deyərkən, öz dilimizi unutmayaq.
Dil siyasətdir; güclü dövlət üçün dil siyasəti önəmlidir.
Əziz valideynlər, zaman-zaman hər birimiz belə bir ifadə işlədirik: “Ot kökü üstə bitər.” Milli keçmişimizdən gələn, milli dərrakəmizi, düşüncəmizi əks etdirən və doğma ana dilimizdə bizə çatan bu ifadəni sadəcə deyib-keçməyək.
Öz ruhumuzla nə dediyimizi düşünək. Düşünən zaman mütləq anlayacağıq ki, anasının şirin laylasından qoparılaraq, bağçada, məktəbdə dayanmadan “skazka”, “poem” öyrənməyə məcbur etdiyimiz fidanlarımız nə qədər ucalsa da, əzəmətindən yıxılacaq, ucaldığı yüksəklikdən yıxılacaq.
Bir dil onu daşıyan xalqın, bu xalqın təfəkkürünün, mədəniyyətinin, tarixinin daşıyıcısıdır. Yəni uşağımız ilk vərdişlərini hansı dildə alsa, o, təkcə həmin dilin daşıyıcısına deyil, həmin xalqın mədəniyyətinin, tarixinin daşıyıcısına, bir parçasına çevrilir. Bu, dövlətimiz üçün real təhlükədir.
Unutmayaq ki, dilin fikri doğru ifadə etməsi üçün beynin milli zəmində doğru proqramlaşması lazımdır. Dil milli olmalıdır, doğma olmalıdır. Yad bir dil beyni də yadlaşdırır, kökündən qoparır və selə qapılıb gedir. Xalqına, millətinə aid dildə danışan uşaq beyni doğma ilə yad arasındakı uçurumda qalmır.
Bəlkə də, Cəlaləddin Ruminin “Ya olduğun kimi görün, ya da göründüyün kimi ol” ifadəsi bizim cəmiyyət olaraq yaratdığımız bu eybəcər mənzərəyə üsyan etmək üçün yazılıb. Biz başqa dildə düşünərkən, olduğumuz kimi necə görünə bilərik?!
Tolstoyun “Anna”sının hisslərini, Çexovun “Gözətçi Nikita”sının məhv olmuş arzularını, Markesin “Patriarxı”nın hüznlü payızını, Hüqonun “Səfillər”ini anlamaq üçün bu müəllifləri öz dilindən oxumaq, hər sözün, hər ifadənin kontekst mənasını anlamaq çox önəmlidir; amma Sabirin “Orucu tutdum Ramazanda” misrasındakı tablonu görmək daha vacibdir.
Anlamalı idik ki, çox halda “ağız əymək”, başqası kimi görünmək üçün sonunu bilmədiyimiz palçıqlı yola çıxarkən çəkmələrimizi unutmuşuq, yolda tapdığımız “sapoşki”ləri isə ayağımıza geyinib, sağlam addım ata bilməyimiz mümkün deyil.
Ana dili milli-strateji məsələdir; təhsil milli təhlükəsizlik sahəsidir. Onu başqa millətlərin və dövlətlərin təsirinə məruz qoymaq, millətin və dövlətin gələcəyini bilərəkdən təhlükəyə salmaqdır.
İnanırıq ki, siz də bu təhlükəni artıq duyub, doğru qərar verəcəksiniz. Bizi yetişdirən bayatılarımızı, fəlsəfi düşüncəmizi formalaşdıran şeirlərimizi, xəyal qurmağı öyrədən nağıllarımızı, kim olduğumuzu anladan dastanlarımızı, yuxumuzda belə bizi qızıl güllər içində ovutmaq istəyən analarımızı yada salaraq, övladlarımızı rus, ingilis bölməsinə, xarici dilli məktəblərə qoymayaq.
Cəmiyyət olaraq bizə nəinki rus dili, hətta fars dili, erməni dili, ingilis dili, çin dili və s. də lazımdır. Bir dil – bir insan deməkdir. Deməli, nə qədər çox dil bilsək, o qədər çox insan qazanmış olarıq. Dil öyrənmək, cəmiyyətin iki addım irəli getməsi deməkdir. Dil öyrənmək çox önəmlidir. Bizim cəmiyyətin yabancı dil bilməsi bizi ancaq sevindirə bilər; lakin təhsilin milli dildə olması çox vacibdir. Biz cəmiyyət olaraq idrak etməliyik ki, uşağımızı hansı millətin dilində oxutsaq, o, həmin millətin kültürünün daşıyıcısı olacaq.
“Hər kəsin dilini öyrənəcəyəm”, “Hər kəslə öz dilində danışacağam” deyərkən, öz dilimizi unutmayaq. Mən şəxsən əcnəbi dillərə qarşı deyiləm, hətta bu təşəbbüs üçün valideynləri dəstəkləyirəm; ancaq dil öyrənmək başqa, təhsili xarici dildə almaq başqa…
Gəlin toylarımızda hamımız birlikdə “Heyvagülü”nə, “Baş Sarıtel”ə oynayaq; dərdlənəndə Cavidin Sibir sürgünü zamanı ayaqqabılarına yapışan ayaq dərisini düşünək; utananda həm də Xocalıda qarnı deşilən hamilə qadını yada salaq; qürurlananda Teymurla Bəyazidin “Avrasiyaya sahib bir kor, bir topal” hekayəsini xatırlayaq və heç bir halda kim olduğumuzu, nələrə qadir olduğumuzu unutmayaq!
“Heçnə dəyişməyəcək”, “Belə gəlib, belə də gedəcək” kimi deyinmələrin yerinə, gəlin əl-ələ verib nəhayət dördüncü onilliyimizdə ənənə yaradaq. Ənənə yarada bilməsək, itkilərimiz çox olacaq…
“Hakimiyyət rus dilli təhsili ləğv etməlidir” çağırışlarına da gərək yoxdur. Siz övladlarınıza Azərbaycan dilində təhsil verin, inanın ki, o çağırışlara gərək belə qalmayacaq. Önəmli olan sizin qərarlarınız, sizin davranışınızdır. Siz doğru qərar verməyəndən sonra, bu tip çağırışlar gülüş doğuracaq.
Unutmayın, arzuladığınız demokratik cəmiyyət quruculuğu, doğru formalaşmış milli tərbiyə, milli şüur və milli kimlik məsələsinin formalaşmasından doğan siyasi təfəkkürlə mümkün olacaqdır!
Yorumlar
Kalan Karakter: