Rusiya hər yerdə qandan bəhrələnən bir dövlət kimi, konfliktlərin uzun sürməsi üçün əlindən gələni edəcək. Bizim isə ən ciddi silahımız 3 əsas məsələdir. O addımlar Kremli tərki-silah edəcək.
1.Ankaranın açıq diplomatik müdaxiləsi ilə Üçtərəfli Sülh Müqaviləsinin Tiflisdə imzalanması.
Sülh müqaviləsinin Güney Qafqazın paytaxtlarından olan Tiflisdə imzalanması Güney Qafqazın Rusiyaya siyasi cəhətdən yerini bildirməsi üçün əla bir mesajdır.
Digər tərəfdən, biz Gürcüstanda birgə yaşamın (azərbaycanlılarla ermənilərin) uğurlu modelindən nümunə kimi istifadə edə biləcəyimizi göstərərik. Ən nəhayəti isə Ermənistanda Rusiyanın sülhə qarşı aparacağı təbliğatda “İki Türk və iki müsəlman ölkəsi ilə təkbaşına qalmış Ermənistan” hekayəsi doğulmadan məzara qoyular.
2. Təhsil Nazirliyinin rus dilində tədris bölmələrinin dövlət hesabına fəaliyyət göstərməsini ləğv edən qərarının çıxarılması.
3. Tarixi torpaqlar və türk xalqları mövzusu:
Rusiya tarix boyu Qafqazdakı işğallarından imperiya siyasətinin uğuru kimi faydalanıb. Elə bu səbəbdən də tarixi torpaqlarımızın irredentizmi daima siyasi gündəmin başlıca mövzusu olmalı və biz tarix boyu Rusiya tərəfindən məruz qaldığımız işğal həqiqətlərini gündəmdə saxlamaqla yeni siyasi-diplomatik mərhələyə keçid etməliyik.
Tarixi bir həqiqət var ki, Azərbaycan tarixən Rusiya torpağı olmamış, ruslarla birgə dövlətə sahiblik etməmişdir. Qacarların məğlubiyyəti və xanlıqların birgə hərəkət etməməsi nəticəsində Rusiya işğalı baş tutmuşdu. Azərbaycan Çar Rusiyası tərəfindən (1813, 1828) işğalı nəticəsində kifayət qədər torpaq itirmiş, öz torpaqları ilə sərhəd olmuş bir məmləkətə çevrilmişdir. Rusiyanın bizə de-yure heç bir ərazi iddiası ola bilməz. Amma bizim ola bilər. Əgər son dövrlər tarixçilər tərəfindən İrəvan məsələsi durmadan gündəmə gətirilirsə, o zaman Dərbənd və digər tarixi torpaqlarımız da gündəmimizdə olmalıdır. Bu məsələlərlə bağlı cəmiyyəti ciddi şəkildə hazırlasaq, şimal təhlükəsinin tarixi-siyasi hücumunun qarşısını ala bilərik.
Vətəndaş cəmiyyəti institutları, müxalif siyasi partiyalar, ziyalılar və aydınlar ciddi şəkildə yeni bir prosesə başlamalıdırlar. Rusiyada olan tarixi torpaqların qaytarılması məsələsi gündəmə gətirilməlidir.
Bu prosesi tezləşdirmək üçün isə bizim Türk Dövlətlərinin də dəstəyinə ciddi ehtiyacımız var.
Bu gün bizi də, Ukraynanı da, hətta Avropanı da Şimaldan gələn orta əsrlərin qaranlığından qoruya biləcək sabit güc və qüvvə, sözsüz ki, Türklərdir.
Geniş mənada TÜRKLƏR!
Məsələn, Ukraynada yaşayan Krım Türklərindən başlayaraq, Rusiyanın içində yaşayan Kazan və Başqırd türklərinə qədər.
Ukraynanın TDT üzvlüyü, Türk Dünyasının bir hissəsi olması, Rusiyanın içində olan bütün Türk xalqlarının Kremlin imperialist siyasətinə qarşı etirazı üçün bir ilham qaynağına çevrilər, Böyük Proses başlamış olardı.
Bu günlərin gərginliyində Ukrayna Prezidentinin təşəbbüs göstərib Azərbaycan Prezidenti ilə telefon danışığı aparması heç də diplomatik bir təzyiq mesajı kimi dəyərləndirilməməlidir. Proses yüksək səviyyədə inkişaf etdirilməlidir.
Rusiyanın içərisində hələlik müstəqil dövlətləri olmayan, amma kifayət qədər maddi və insani resursa, tarixi-mədəni, dövlətçilik ənənələrinə sahib türk xalqlarının mövcud olduqları regionlarda birləşməsi, Rusiya ərazisində yaşayan Azərbaycan türklərinin taleyinə təhlükəsizlik baxımından təminat rolunu oynayar.
Bu günlərdə Ankarada Türkiyə Prezidenti ilə Rusiyanın tərkibində olan Dağıstan Muxtar Respublikasının Prezidenti ilə görüşdə gündəmdə tutulmalı və proses digər muxtar respublikalarla davam etməlidir.
Bu məsələ ciddi tarixi zərurətdir və TDT-nin gündəmində əsas yer tutmalıdır.
Türksoylu anlayışı Türk xalqlarını Rus şovinizminin aqressiyası fonunda yaranacaq təhdidlərdən qorumaq üçün qalxan rolunu oynaya biləcək tək faktordur.
Bu mənada hər atılan addım tarixi-siyasi hədəflər üçün yeni üfüqlər açır.
Rusiyanın yumşaq qarnının məhz türk xalqları olduğu inkar olunmaz bir həqiqətdir.
Yorumlar
Kalan Karakter: