Bugün dünya ictimaiyyətinin diqqəti ABŞ-da baş tutacaq önəmli bir hadisəyə, Ermənistan və Azərbaycan arasında imzalanması gözlənilən sülh sazişinə yönəlib. Bu sənəd, uzun illərdir bölgədə qan və göz yaşı ilə müşayiət olunan gərginliyə nöqtə qoymağa yönəlmiş mühüm bir addım ola bilər.
Əgər bu gün razılıq əldə olunarsa, bu, Cənubi Qafqaz üçün yeni bir mərhələnin başlanğıcı olacaq.
2020-ci ildəki Vətən müharibəsində qazandığımız qələbədən sonra dəfələrlə bütün platformalardakı danışıqlarımızda, yazılarımızda üstünə basa-basa vurğulayırdım ki, artıq Putin Rusiyasının Ukrayna savaşında ciddi hazırlanmış proqram əsasında çöküşünü bir neçə ilə görəcəyik. Lakin bu avtoritar, şovinist mahiyyətli rejimin nəfəsi Qafqazda kəsiləcək. Bunu özləri də yaxşı anlayırlar və elə buna görədir ki, bizə qarşı hər keçən gün daha da amansızlaşırlar.
Və sadəcə bizə qarşı deyil, həmçinin Paşinyan Ermənistanına qarşı da bu aqressiya açıq-aşkar görünməkdədir. Bu üzdən daha qlobal və beynəlxalq bir zəmanətin mümkünlüyünə nail olub sülh müqaviləsini imzalamalıyıq.
ABŞ-ın təşəbbüsü ilə irəli sürülən bu danışıqlar formatı isə tərəflərə həm ünsiyyət platforması yaratdı, həm də beynəlxalq zəmanətin mümkünlüyünü ortaya qoydu.
İmzalanması gözlənilən sülh sənədi, əgər bütün detalları ilə razılaşdırılıbsa, bölgədə sabitlik, iqtisadi əməkdaşlıq və qarşılıqlı inamın qurulması baxımından həlledici əhəmiyyət daşıyır. Xüsusilə Azərbaycanın irəli sürdüyü nəqliyyat dəhlizləri, regional ticarət əlaqələrinin bərpası və sərhədlərin delimitasiyası kimi məsələlər bu sazişin əsas sütunlarını təşkil edir.
Təbii ki, belə bir sənədin imzalanması yalnız iki ölkə üçün deyil, bütövlükdə region üçün də strateji əhəmiyyət daşıyır. Bu baxımdan ABŞ-ın vasitəçilik rolu və prosesə verdiyi dəstək təqdirəlayiqdir.
Lakin bu prosesdə diqqət çəkən məqamlardan biri də bölgənin əsas aktorlarından biri olan Türkiyənin bu mərhələdə bir qədər kənarda qalması ilə bağlı yaranan suallardır.
Qardaş Türkiyə, 44 günlük müharibə dövründə və ondan sonrakı müddətdə həm siyasi, həm də diplomatik baxımdan Azərbaycanın yanında oldu və bu dəstəyi heç vaxt gizlətmədi. Lakin bu gün imzalanması gözlənilən sənədin formatında Türkiyənin iştirak etməməsi, təbii ki, müşahidəçilər və ictimaiyyət arasında müxtəlif suallar doğurur.
Bu, hər nə qədər diplomatik formatların fərqli təşəbbüslərlə formalaşması ilə izah olunsa da, Türkiyənin bölgədəki nüfuzu və rolu nəzərə alındıqda, bu cür önəmli sənədlərin hazırlanmasında onun da iştirakının təmin edilməsinin çox vacib bir faktor olması inkarolunmaz faktdır.
Bu, nəinki Azərbaycanın strateji maraqları baxımından, həm də bölgədəki balansların qorunması üçün vacib amillərdən biridir.
Bununla belə, bu məqamda yaranan suallar sülh prosesinə kölgə salmamalı və ümumi müsbət tendensiyaları qiymətləndirməməyə səbəb olmamalıdır.
Əksinə, bu sülh sazişi həyata keçərsə, yeni regional əməkdaşlığın inkişaf mexanizmləri Türkiyənin fəal iştirakı ilə qurula bilər. Bunun başqa yolu yoxdur. Bu üzdən Türkiyənin prosesdən kənarda qalması mümkün deyil.
Bizim bu gün əsas istəyimiz isə budur ki, bu sülh sənədi sadəcə kağız üzərindəki bir razılaşma olmaqdan çox, illərdir davam edən qarşıdurmaya son qoymaq üçün atılan siyasi iradə nümunəsi olsun!
Bu iradənin qorunması, ona sadiqlik və sənədin praktiki nəticələrə çevrilməsi üçün hər iki tərəfin, eləcə də beynəlxalq vasitəçilərin səbirli, ədalətli və davamlı yanaşma göstərməsi zəruridir.
Azərbaycan xalqı sülhə dəyər verir, amma suverenlik və təhlükəsizliyindən heç vaxt güzəştə getməz.
Rusiya və İran kimi qonşusu olan Azərbaycanın suverenliyinin və təhlükəsizliyinin tək qarantı isə qardaşı Türkiyədir.
Bu balans qorunduğu təqdirdə, bugünkü sənəd gələcək nəsillər üçün əsl ümid işığı ola bilər.
Unutmayaq ki, 250 ilə yaxındır Güney Qafqazda olan Rusiyanın qabağında regionda hərbi mövcudiyyəti olmayan ABŞ dura bilməz.
O üzdən bu günün ən aktual məsələsi Rusiyanın ittifaqın tərkibində olmuş Qafqaz respublikalarına lazımi hədə-qorxu mesajları verməklə onları “Böyük Rusiya”nın ayağına gətirmək məqsədinə xidmət edən amansız və qanlı cinayətlərinin, terror hərəkətlərinin, siyasi çevrilişlərinin qarşısında hazır dura bilməkdir. İstər Azərbaycanda, istər Ermənistanda Kremlə bağlı adamları hər türlü hərəkətə keçirməyə çalışacaqlar.
Ermənistanda 2026-da keçiriləcək parlament seçkilərində Rusiya bütün gücü ilə Paşinyanın Partiyasının qabağını kəsməyə çalışacaq.
Bu seçkilərdə Kremlin yenidən revanş götürməsi Moskva üçün həyati əhəmiyyət daşıyır. İnanıram ki, Paşinyanın Partiyası Ermənistan cəmiyyətindəki reytinqini yüksəldə biləcək. Paşinyanın siyasi potensialı buna yetə bilər.
Bizdə isə əsasən Rusiyanın və İranın aqressiyası qarşısında qalxan funksiyasını yerinə yetirə bilən yeni siyasi və ideoloji mühit formalaşmalıdır.
Çünki Rus İmperializminin əsas hədəflərindən biri — Azərbaycan xalqının Rusiyanın imperialist siyasətinə qarşı dirənişini təşkil edə biləcək siyasətçilərini hakimiyyət savaşında uduzduraraq zəiflətməkdir.
Ölkə cəmiyyətini ideoloji aspektdə Putin Rusiyasına qarşı diri və hazır tutmaq üçün yeni siyasi elita formalaşmalıdır. Bu sülh sazişindən sonra bizə vacib olan məsələ Vətəndaş Həmrəyliyinə nail olmaqdır.
Bütün siyasi məhbusları azad edərək, ipli kuklalardan imtina edərək yeni siyasi mühitə qədəm qoymalıyıq.
Yorumlar
Kalan Karakter: