İyunun 27-də Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın nəticəsində həmvətənlərimizin həlak olması və bəzilərinin ağır bədən xəsarətləri alması bu gün bizim bir nömrəli gündəmimiz olmalıdır. Biz indi təcili şəkildə nələr edəcəyimizi müzakirə edib, lazımi addımlar atmalıyıq. Rusiyada milyonlarla soydaşımız Səfərovlar ailəsinin aqibətini yaşamaq təhlükəsi altındadır.
Bu vandalizm bir daha əsl gerçəyi üzə çıxardı. Həqiqət budur ki, Rusiya – istər çar, istər sovet, istərsə də müstəqil dövlət kimi adlandırılsın – bizə nə dostdur, nə sülhməramlı, nə də strateji müttəfiq.
Rusiya bizə bəladır, bəla!
Nə etməliyik?
1. Rusiya hakimiyyətinin Azərbaycan vətəndaşlarına qarşı növbəti dəfə ləyaqətsiz davranışına cavab olaraq, Rusiyadakı diaspor təşkilatlarımız yerləşdikləri şəhərlərdə müvafiq hökumət qurumlarının qarşısında etiraz aksiyaları təşkil etməli, ictimai bəyanatlar verməlidirlər.
2. Rusiya DİN qarşısında, imkan daxilində dinc etiraz aksiyaları keçirilməli, diaspor təşkilatları adından rəsmi bəyanatlar yayılmalıdır. Azərbaycanlı milyarderlər bu məsələdə tam dəstək göstərməli, müəssisələrində çalışan soydaşlarımızı bu aksiyalara cəlb etməlidirlər.
3. Məsələnin ciddiliyini nəzərə alaraq, Rusiyadakı digər millətlərin nümayəndələri ilə birgə konfranslar təşkil olunmalıdır. Bu tədbirlərə Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri Fuad Muradov şəxsən rəhbərlik etməlidir.
4. Azərbaycan mediası bu məsələ ilə bağlı siyasətçiləri, ziyalıları, fikir adamlarını, politoloqları və vətəndaş cəmiyyəti institutlarının rəhbərlərini danışdırmalı, cəmiyyətdə güclü etiraz dalğasının formalaşmasını təmin etməlidir.
5. Hakimiyyət ölkədə siyasi fəaliyyətinə “məqbul” yanaşdığı partiyaları Rusiya səfirliyi qarşısına göndərməli, onların vasitəsilə etiraz bəyanatları təqdim olunmalıdır. Həmçinin real müxalifət partiyaları da bu məsələdə aktiv iştirak etməlidirlər ki, xalq siyasi fəaliyyətin yalnız iqtidarı tənqid etməkdən ibarət olmadığını görsün.
Bu cür aşağılayıcı mənzərələri səssiz və reaksiyasız izləməyimiz – ayıbdır, utancdır.
Biz, artıq 200 ildir durmadan qanımıza bulanmış bu ölkə ilə yeni bir siyasi-diplomatik münasibətlər mərhələsinə keçid etməliyik.
Çünki Azərbaycan–Rusiya münasibətlərinin bizə verdiyi yekun nəticə: işğal, qan, matəm tarixləri…
Rusiyanın son 30 ildəki lideri Putinin siyasi ambisiyası isə insan haqlarını və təhlükəsizliyini tamamilə ayaqlar altına atdı. Nə qədər zalım və qeyri-insani bir rejim olmalısan ki, bilərəkdən insan tələfatına səbəb olasan?
Bütün gücümüzlə Rusiyada yaşayan soydaşlarımıza bir həqiqəti anlatmalıyıq:
İqtisadiyyatı çökmüş, silahları yararsız, universitetləri dünya standartlarından geri qalmış, yaşayış səviyyəsi aşağı, insan haqları sıfır olan bu Rusiya sizə nə verə bilər?!
Baxın bu şəkillərə…
Rusiyanın bizə verdiyi – bu qırılmış ömürlərdir…
Biz isə Azərbaycan dövləti olaraq bir neçə gün öncə Rusiyaya İranda olan vətəndaşlarının İsrailin yağdırdığı bombaların altından qaçıb öz ölkələrinə sağ-salamat yetişməsi üçün bağlı olan sərhədimizdən qarantiyalı bir şəkildə keçirib vətənlərinə yola saldıq.
Yorumlar
Kalan Karakter: