Rusiya uduzur və uduzduqca daha da təhlükəli olur. Putinin köməkçisi Vladimir Medinskinin Ukraynada “sülhsüz atəşkəsi” Qarabağla müqayisə etməsi, Rusiyanın Azərbaycana qarşı siyasi-ideoloji planda 200 illik dəyişməz münasibətinin bir daha bariz sübutu idi.
Bu mövzularda illərdir durmadan yazır və danışırıq, əlavə nəsə yazmağa ehtiyac görmürəm. Kim istəsə, elə bu profildə bir az gəzişməklə, onlarla ideoloji və siyasi prizmadan Rusiya ilə münasibətlərimizin bu günü və sabahı haqqında fikirlərimizlə tanış ola bilər.
Mənim indi toxunacağım məsələ başqadır. Mediada Xarici İşlər Nazirliyinin sözçüsü Adnan Hacızadənin “Medinskiyə səlahiyyətinə aid olmayan məsələlərə dair yanlış iddialar səsləndirməklə dövlətlərarası münasibətlərə xələl gətirməməyi tövsiyə etdiyi” barədə açıqlamasını oxudum.
Hörmətli XİN sözçüləri və digər xarici siyasətə cavabdeh şəxslər! Ehtiyatla, çəkincə davranmaqla dövlətə qarşı yönəlmiş təhdidlərə cavab vermək olmaz.
Medinski evində oturan yaşlı bir pensioner deyil ki, siz ona “dövlətlərarası münasibətlərə xələl gətirməməyi tövsiyə edirsiniz”. Medinski də, Zaxarova da, elə Rusiya dövlətini təmsil edirlər. Dövlət elə bunlardır da.
Rusiyanın Azərbaycan dövlətinə qarşı açdığı ideoloji savaşa bu cür ehtiyatlılıqla cavab vermək olmaz axı! Sizin açıqlamalarınız onların mediasında və ictimai rəyində xüsusi narahatlıq mesajına çevrilməlidir.
Necə ki, onlar danışanda bizdə dərhal narahatlıq yaranır. Bilirsiniz niyə? Çünki bu adamlar sadəcə yuxarıdan gələn tezislərlə danışmırlar. Bu adamların özlərinin şəxsi ictimai şüurunda illərlə formalaşmış təbii bir müqavimət mexanizmi var. Məhz buna görə bizdə gündəm yarada bilirlər.
Bax, biz illərdir bunun mübarizəsini aparırıq ki, milli kadr anlayışını dövlətin bir sıra strateji nöqtələrinə daşımaq lazımdır. Milli kadr – təəssübkeşlik və təşəbbüskarlıq xüsusiyyətlərini özündə daşıyan şəxsdir, bu isə bayaq qeyd etdiyim təbii müqavimət mexanizmini yaradır.
Bu gün Rusiya üçün Güney Qafqazdan çıxmaq imperialist maraqların birdəfəlik dəfn olunması deməkdir. Rusiya buradan getməmək üçün heç zaman bizə qarşı təzyiqlərindən və düşmən siyasətindən əl çəkməyəcək. Siz hansı “dövlətlərarası münasibətlərə xələl gətirmək”dən danışırsınız?
Heç yadımdan çıxmaz, bir dəfə Jirinovski ölkəmizi təhqir etmişdi, deputatlara da “Jirinovskiyə cavab verin” təlimatı verilmişdi. Deputatların cavabları isə, aşağı-yuxarı belə idi: guya Jirinovski Rusiyanın dəyərlərini, şərəf və ləyaqətini təhqir edib, dostluğumuza xələl gətirir. Bunlar da tökülüşüblər Rusiyanın şərəf və ləyaqətini Jirinovskidən qorumağa.)
Halbuki təhqir olunan Azərbaycan dövləti idi. Bax, belə gülməli bir vəziyyət yaranmışdı.
Bu gün bizim əsas işimiz, ölkəmizdə Rusiyaya bəslənən sevdayı şüurlardan söküb atmaqdır. Eyni zamanda, başqa ümdə bir hədəfimiz – Rusiyanın bizə qarşı şovinist və ekspansionist, o cümlədən birtərəfli münasibətinə qarşı cəmiyyətdə milli mənafeyə xidmət edən ictimai rəy formalaşdırmaqdır. Bu isə təkbaşına fəaliyyətlə mümkün deyil. Ümumiyyətlə, təkbaşına və bitərəf şəkildə siyasi fəaliyyət mümkün deyil. Siyasət meydanı konsolidasiya və koalisiya tələb edir.
Və nəhayət…
Rusiya məsələsində atılacaq real və yeganə addım haqqında bir neçə dəfə mövqelərimizi ortaya qoymuşam, lakin indi bir daha təkrar etməyin faydalı olduğunu düşünürəm:
Qafqazda qanlı münaqişəyə, terrora, soyqırımına, separatçılığa “yox” deyib, sülh, sabitlik, əmin-amanlıq istəyiriksə – bu qanlı münaqişənin ideya müəllifi də, yaradıcısı da, idarəedicisi də olan Rusiyanın qarşısına Ermənistanla birlikdə BARIŞLA çıxmalıyıq!
Bizim artıq tək bir yolumuz var: Türkiyənin açıq diplomatik müdaxiləsi ilə Üçtərəfli Sülh Müqaviləsinin imzalanması.
Bu işin başqa yolu yoxdur. Qafqazın təminatı – NATO ölkəsi kimi regiona ən yaxın dövlət olaraq – Türkiyənin üzərinə düşür.
Sülhə gedən yolda bütün maneələr aradan qaldırılmalıdır. Rusiya və İran kimi dost olmayan qonşuların əhatəsində ölkəmiz üçün güclü Türkiyə vacibdir və qarantdır!
Ümumiyyətlə, Türkiyə Ümumqafqaz Təhlükəsizlik Konsepsiyasının qarantıdır.
Qısası, Rusiyadan qurtulmağın tək yolu Türkiyənin iştirakı ilə Ermənistanla Sülh Müqaviləsinin imzalanmasıdır. Bunu bacarsaq, şimaldan bir daha bizi narahat edəcək çağırışlar eşitməyəcəyik.
Bu yolda isə, sizin üzərinizə düşən, çağırış və mesajlarınızda qətiyyətli olmaqdır.
Yorumlar
Kalan Karakter: