"Eurovision" beynəlxalq miqyasda keçirilən musiqi yarışlarından biri olsa da, siyasi xarakter daşıdığı heç kimə sirr deyil.
Burada dövlətlər gələcəyə dair planları, müttəfiqləri, siyasətləri ilə bağlı strateji zəkalarından irəli gələn mesaj verir.
Düşünürəm ki, Azərbaycan bu məsələdə daha çox bu faktordan yararlanmalıydı. Çünki bu, minimum 100, maksimum 600 milyon izləyicisi olan, musiqi yarışması adı ilə keçirilən böyük siyasi platformadır. Elə bu qədər müzakirə predmetinə çevrilməsinin səbəbi də budur.
Yaxşı, bəs biz bu musiqili siyasi platformada hansı strateji mesajları verə bilirik?
Önəmli olan bu sualın ətrafında müzakirələr açmaqdır.
Son bir ildə Azərbaycanın bir dövlət üçün həyati əhəmiyyətli qızğın siyasi proseslərin içərisində olduğunu, Zəfər qazandığını və bütün uğurlu addımlarında qardaş Türkiyə ilə birgə hərəkət etdiyini, nəhayət, Türkiyənin müsabiqədə iştirakdan imtina etdiyini nəzərə alaraq, daha əhəmiyyətli, milli maraqlarımızı ifadə edən, regionda Türklərin daim işğalçılara qarşı mücadiləsini simvolizə edən mesajlar verilə bilərdi.
Rusiya-Osmanlı savaşının qəhrəmanlarından olan Nənə Xatunu daha da yüksək miqyasda tanıda bilərdik, nəinki Mata Harini...
Məlumat üçün bildirim ki, 1955-ci ildə BMT tərəfindən "İlin Anası" seçilən, iki oğlunu I Dünya Savaşında şəhid verən bu qadın Ərzurumda döyüşdə ruslara qarşı inanılmazı həyata keçirib.
...1877-ci ilin noyabrın 8-dən 9-na keçən gecə, Osmanlı vətəndaşı olan erməni-rus silahlı dəstələri Ərzurumun Əziziyə hərbi qarnizonundakı türk əsgərlərini yuxudaykən hamısını qılıncdan keçirirlər. Nəticədə şəhərə hücuma keçən rus əsgərləri heç bir çətinliklə qarşılaşmadan qarnizonu tuturlar. Bu xəbəri eşidən ərzurumlular silahı olan silahını, silahı olmayan isə balta, bel, yaba ilə silahlanıb qarnizona doğru hərəkət edirlər. Minarələrdən "Moskov əsgəri gəlir" səsini eşidincə üç aylıq körpəsini bağrına basıb, "Seni bana Allah verdi. Ben de O'na emânet ediyorum", deyib, camaata "sakın, canlı təslim olmayın" , - səslənərək silaha sarılır. Bu zaman onun qardaşı da öldürülür. Atəşə məhəl qoymayan camaat Nənə Xatunun rəhbərliyi altında rus əsgəri ilə əlbəyaxa olur, Rus ordusu, baltalı-yabalı xalq qarşısında ancaq yarım saat tab gətirə bilir. 2300-ə yaxın itki verən rus və erməni əsgərləri qarnizondan qaçır.
1952-ci ildə NATO-nun amerikalı generalı onu ziyarət edərkən qəhrəmalığından dolayı Nənə xatunun görüşünə gəlir və baş əyərək əllərindən öpür.
Bu gun həm də Nənə Xatunun anım günüdür. Yarışmanın hər ilin may ayında keçirildiyini də nəzərə alsaq, bu faktordan lazımınca yararlana bilərdik. Müsabiqə üçün bu qəhrəman qadına həsr olunmuş mahnı hazırlanıb, təqdim oluna bilərdi.
Xatırlayırsınızsa, bir neçə il öncə Ukrayna təmsilçisi Camala 1944-cü ildə Krım tatarlarının yaşadığı sürgün faciəsi ilə bağlı mahnı təqdim etmişdi. Əvvəlcə mahnının siyasi xarakterli olduğuna dair iradlar səsləndirilsə də, böyük rəğbət qazandı, qalib gəldi.
Yaxud 2009-cu ildə Gürcüstan təmsilçiləri "Biz Putini niyə sevmirik" mahnısı ilə yarışa qatılmaq istədi, amma siyasi çalar olduğundan yarışa qəbul edilmədi. Nəticədə Gürcüstan müsabiqəyə qatılmaqdan imtina etdi ki, bu da bir mesaj idi.
Azərbaycan bu örnəkləri nəzərə alaraq, Nənə Xatunla bağlı musiqi əsəri hazırlayıb təqdim etməklə bir yox, bir neçə siyasi mesaj verə bilərdi. Konkret kiməsə ünvanlanmayan, Türk qadınının mübarizə ruhunu göstərən mesajlar olacaqdı.
Yarışda diqqət çəkən digər məsələ xalların verilməsidir ki, nəticə bizi xeyli üzdü.Məsələn, Azərbaycanın bu məsələdə atacağı addımlardan biri ən yüksək balı Böyük Britaniyaya vermək olardı. Çünki Avropa ölkələri "brexit"ə görə Britaniyanı sıxışdırır, yarışda bunu bir daha gördük. Sıfır bal verdi.
Britaniya Azərbaycanın strateji müttəfiqidir. Ölkəmiz manevr edə bilərdi ki, bunu da bacarmadılar. Rusiyaya 12 bal verməksə, ən böyük yalnış idi.
Gəlinən nəticə budur ki, Azərbaycanda "Eurovision" və digər layihələrin hazırlığına rəhbərliyi milli düşüncəli, milli təşəbbüskarlığı olan şəxlər etmir. Ən ciddi problemimiz bu məsələlərdə kadr çatışmazlığı, milli kadrların olmamasıdır.
Kadr problemi bütün sahələrdə tezliklə həll olunmalıdır ki, belə halları yaşamayaq.
Uduzuruq, çox ciddi şəkildə uduzuruq. Milli, strateji düşüncənin, ağlın, zəkanın daşıyıcıları olan kadrlarln yoxluğu yanlış yanaşmalara gətirib çıxarır.
Bu gün sosal şəbəkələrdə də yanlış fikirlərə rast gəlirik. Biz bu platformaları boykot etməklə heç nə qazanmayacağıq, əksinə, bu nəhəng auditoriyanın imkanlarından istifadə etməklə, mesajlarımızı, fikirlərimizi dünyaya çatdıra bilərik.
Milli siyasi mövqe nümayiş elətdirməkdən utanmayın... Elə Avropalılar kimi
P.S. Camalanın ifa etdiyi o möhtəşəm musiqinin türkcə tərcümə olunmuş versiyaları da var...

Yorumlar
Kalan Karakter: